CƏMİYYƏT
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti addımdır
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanunun təsdiq edilməsi və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 5 avqust 2017-ci il tarixli Fərmanın imzalanması ölkəmizdə əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində aparılan dövlət siyasətinin uğurlu davamıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qeyd olunan yeni qanunvericilik aktları ilə əlaqədar keçirdiyi mətbuat konfransında vurğulayıb.
AZƏRTAC xəbər verir ki, nazir müavini bildirib ki, bazar münasibətləri şəraitində işsizlikdən müdafiə sistemi sosial-iqtisadi məsələlərin həllinə, əmək hüquqlarının qorunmasına, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına, sosial ədalətin, ictimai birliyin və sabitliyin təmin edilməsinə yönəlmiş dövlət siyasətinin əsas elementlərindən biridir. Dünyada işsizlikdən sığorta sistemi bu və ya digər formada 72 ölkədə fəaliyyət göstərir. Bu ölkələrin hər birində işsizlikdən sığorta sistemi ölkənin iqtisadi potensialında, əmək bazarının vəziyyətindən, işsizliyin xüsusiyyətlərindən, aztəminatlı əhaliyə münasibətdə digər sosial proqramların mövcudluğu vəziyyətindən və s. hallardan asılı olaraq yaradılıb: “Azərbaycanda da Dövlət Məşğulluq Strategiyasında ölkəmizdə işsizlikdən sığorta sisteminin yaradılması məsələsi əksini tapıb. Beynəlxalq Əmək Təşkilatının Azərbaycan tərəfindən ratifikasiya edilmiş 88 nömrəli Konvensiyasında və 83 nömrəli Tövsiyəsində də işsizlikdən sığorta sisteminin tətbiqi məsələsi yer alıb”.
Nazir müavini diqqətə çatdırıb ki, işsizlikdən sığorta sisteminin əsas məqsədi işsizin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsi və ona əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsidir. Sistemin səmərəliliyi bu iki komponentin qarşılıqlı və əlaqəli fəaliyyətindədir. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək Qanun ölkəmizin əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılmasına, sığortaolunanların, yəni işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilərin itirilmiş əməkhaqlarının kompensasiya olunmasına xidmət edir. Digər tərəfdən isə bu qanun işsizliyin yaranması hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə əsaslı təminat yaradır. İşsizlikdən sığorta üzrə tarif dərəcələri də dünya ölkələrindəki tariflər üzrə ən aşağı səviyyədə nəzərdə tutulub. Belə ki, qanunda həmin tarif dərəcələri sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və sığortaolunan, yəni işçi tərəfindən əməkhaqqının 0,5 faizi səviyyəsində müəyyən olunub.
İ.İsayev vurğulayıb ki, işsizlikdən sığorta sistemi işsiz vətəndaşları uzun müddət sığorta ödənişi almağa deyil, əksinə onların ixtisaslarını, təhsillərini, peşəkarlıqlarını artırmaqla, yenidən əmək bazarına qaytarılmasını stimullaşdırır. O bildirib ki, sığorta ödənişini almaq hüququ yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara şamil edilir. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün Qanunun 14.1-ci maddəsinə uyğun şəkildə sığorta ödənişi nəzərdə tutulur. Yəni həmin şəxslərə sığorta ödənişi onların sığorta stajından asılı olaraq itirilmiş orta aylıq əməkhaqlarının məbləğinə görə sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz, sığorta stajı 10 ildən yuxarı olduqda 60 faiz səviyyəsində müəyyən edilib. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə minimum sığorta ödənişi məbləği ödəniləcək ki, bu da qanunda minimum aylıq əməkhaqqı məbləğinə bərabər götürülüb.
Sığorta ödənişinin ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin ediləcəyini bildirən nazir müavini ona da qeyd edib ki, bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz: “Bununla yanaşı, vətəndaş ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan sonrakı 24 ay ərzində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş münasib işlə təmin edilmədikdə, ona bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ verilir. Digər tərəfdən, Qanunda müvafiq hallarda sığorta ödənişinə əlavə də nəzərdə tutulur ki, bu da sığorta ödənişi təyin edilmiş şəxsin himayəsində 18 yaşa çatmamış uşaq (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) olduqda nəzərdə tutulub. Lakin ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinə əsas sığorta ödənişinə əlavəni almaq hüququ şamil edilir”.