CƏMİYYƏT
“İşsizlikdən sığorta haqqında” yeni qanun hazırlanır
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.
Əvvəlcə iclasda “İşsizlikdən sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Komitə sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq. O qeyd edib ki, qanun layihəsi uzun müddətdir hazırlanır və işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub. 4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb.
Sənədə əsasən yeni qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Bu qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Bu qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir, lakin siyasi vəzifə tutan şəxslərə şamil edilmir.
Sonra iclasda Əmək Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir. Məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliyə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Hazırkı varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Azərbaycanda əmək müqaviləsinə xitam verilən işçilərin sonrakı təminatı ilə bağlı yeni qaydalar hazırlanıb.
“Veteranlar haqqında” Qanunda təklif edilən dəyişikliklər texniki xarakter daşıyır. Komitə sədri qeyd edib ki, Qanunun 21-ci maddəsinin birinci hissəsində “Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilir.
Sonda gündəliyə daxil olan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.