MƏDƏNİYYƏT
İstanbulda 15 iyul gecəsinə həsr edilən konsert proqramı keçirilib
İstanbul, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də İstanbulda 15 iyul gecəsinə həsr edilən konsert proqramı keçirilib. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da iştirak edib.
AZƏRTAC xəbər verir ki, 15 iyul şəhidlərinin türkülərlə yad edildiyi gecəyə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcı, sabiq Baş naziri Əhməd Davudoğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş, deputatlar, eləcə də şəhid ailələri və yaxınları qatılıblar.
Konsert 15 iyul dövlət çevrilişinə cəhd gecəsi Türkiyə xalqının mübarizəsini əks etdirən videogörüntü ilə başlayıb. Ardınca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mesajı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mesajda vurğulanıb ki, 15 iyul gecəsi türk millətinin yazdığı ən böyük zəfər türküsüdür.
G.Əfəndiyeva Türkiyə mətbuatına verdiyi müsahibədə 15 iyul gecəsində Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu qeyd edib, sülh, demokratiya və birlik mesajı kimi minlərlə insanın mübarizəsinin türk dünyası üçün böyük əhəmiyyət daşıdığını söyləyib.
Tədbirdə Türkiyənin tanınmış sənətçiləri ilə bərabər, Azərbaycanın sənətçiləri - xanəndə Teyyub Aslanov və musiqiçilər çıxış ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul