İQTİSADİYYAT


İstanbulda 22-ci Dünya Neft Konqresinin rəsmi açılışı olub

İstanbul, 9 iyul, АZƏRTAC

Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə iyulun 9-da İstanbulda 22-ci Dünya Neft Konqresi işə başlayıb.

Dövlət və hökumət nümayəndələrinin, eləcə də dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən konqresdə Azərbaycan da təmsil olunur.

Konqresin rəsmi açılışında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ-ın dövlət katibi Reks Tillerson və digərlərinin çıxışları dinlənilib.

Çıxışlarda Dünya Neft Konqresinin əhəmiyyətindən danışılıb, Türkiyədə keçirilən 22-ci konqresin yüksək peşəkarlıqla təşkil olunduğu vurğulanıb. Qeyd olunub ki, müasir dövrdə Türkiyə enerji üçün açar ölkə rolunu oynayır.

Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcılara təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, 1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni özündə birləşdirir. Bu konqres ötən dövrdə dünyada enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verib.

Konqres iyulun 13-dək davam edəcəkdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.