MƏDƏNİYYƏT
İstanbulda Etnospor və Kültür Festivalı keçirilib
İstanbul, 29 avqust, AZƏRTAC
Dünya Etnospor Federasiyasının (DEF) təşkilatçılığı ilə İstanbulda Etnospor və Kültür Festivalı keçirilib. Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin də iştirak etdiyi festivalın açılışında İstanbul valisi Vasip Şahin, İstanbul böyükşəhər bələdiyyə sədri Kadir Topbaş və DEF-in rəhbəri Bilal Ərdoğan çıxış ediblər.
Diqqətə çatdırılıb ki, bu festivalın təşkilində məqsəd unudulan, geniş istifadə olunmayan qədim xalq idman oyunlarını xatırlatmaq, onlara yeni həyat vermək, xalqların qədim mədəniyyət nümunələrinin bir-birinə daha da yaxınlaşmasına töhfələr verməkdir. Qeyd olunub ki, bu festivalın hər il davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Festivalın keçirildiyi yer çadır şəhərciyi, idman yarışları meydanı, rəsmi və bədii hissələr üçün nəzərdə tutulan bölmələrdən ibarət olub.
Üç gün keçirilən festival çərçivəsində AZƏRTAC-ın Türkiyədəki bürosu tərəfindən Azərbaycan çadırı təşkil olunub. Çadırın qurulmasına Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən dəstək verilib. İşin icrasını Türkiyədə fəaliyyət göstərən “Arazyayınçılıq” nəşriyyatı həyata keçirib. Günbəzində Azərbaycanın dövlət bayrağının dalğalandığı çadırda 20 Yanvar faciəsinə və Xocalı soyqırımına dair fotostendlər qurulub, o cümlədən “Arazyayınçılıq”ın Azərbaycana aid nəşrləri və baş konsulluğun ölkəmizə aid təbliğat vasitələri sərgilənib.
Avqustun 28-də festivalın bağlanışı münasibətilə möhtəşəm bədii hissə keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul