SİYASƏT
İstanbulda İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitinin sədri statusunda Türkiyə Respublikasının çağırışı və ev sahibliyi ilə Qüdsdəki Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək üçün İstanbul şəhərində İƏT-in İcraiyyə Şurasının fövqəladə iclası keçirilib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda Azərbaycanı xüsusi tapşırıqlar üzrə səfir Şahin Abdullayev təmsil edib. Ş.Abdullayev Qüds məsələsi və Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkilinə görə Türkiyə Respublikasına təşəkkürünü ifadə edib.