SİYASƏT
İstanbulda III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məsələləri müzakirə edilib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovun İstanbulda Türkiyənin sabiq Prezidenti Abdullah Güllə görüşündə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məsələləri müzakirə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin inkişafı, bu əlaqələrin gücləndirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolu və Abdullah Gülün sabiq Prezident kimi verə biləcəyi töhfələrə dair fikir mübadiləsi aparılıb.
R.Muradov Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında Abdullah Gülə məlumat verib. O, Türkiyənin sabiq Prezidentini bütün türk dünyası adından təşkilatın fəaliyyətində yaxından iştirak etməyə, III Qlobal Müştərək Cəmiyyətlər Forumuna qatılmağa dəvət edib.
Mərkəzin əhəmiyyətini vurğulayan Abdullah Gül dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin birləşdiyi belə bir beynəlxalq əhəmiyyətli təşkilatın yaradılmasını sevindirici hal kimi qiymətləndirib. Sabiq Prezident bildirib ki, bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, bütün türk dünyasının bəşəriyyəti narahat edən qlobal problemlərin həlli yollarının tapılmasında iştirakını təmin edə bilər.
Mərkəzin dəvətini yüksək dəyərləndirən A.Gül III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcəyini söyləyib. O, atılmış hər bir addımın ölkələrimiz arasında əlaqələrin daha da inkişafına xidmət göstərməli olduğunu deyib.