DÜNYA
İstanbulda İŞİD-lə əlaqədə günahlandırılaraq saxlanılan şübhəlilər Türkiyədən deportasiya olunacaqlar
İstanbul, 13 avqust, AZƏRTAC
İstanbul polisi şəhərin 39 rayonunda ictimai təhlükəsizliyi qorumaq məqsədilə geniş reydlər keçirir. Prosesin avqustun 13-ü gecə saatlarınadək davam etdiriləcəyi bildirilir.
Türkiyə KİV-lərinin məlumatına görə, İstanbulda “İraq Şam İslam Dövləti” (İŞİD) adlandırılan terrorçu təşkilata qarşı da əməliyyat keçirilib. İŞİD-lə birbaşa əlaqəsi olan 4 nəfər həbs edilib. Onlar Suriyadan gələn 13-ü uşaq olmaqla ümumilikdə 43 nəfərin Türkiyədə sığınacaq almasına yardım ediblər. Polis həmin 43 nəfəri Türkiyədən deportasiya etmək niyyətindədir.
İstanbulda təhlükəsizlik qüvvələri tərəfindən Kürd Fəhlə Partiyasının (PKK) rəhbər şəxslərindən sayılan Rakip Yardımcı adlı şəxs də yaxalanıb. Xeyli əvvəl "Cigerhun" ləqəbli bu şəxsin ələ keçirilməsi üçün 300 min Türkiyə lirəsi (təxminən 100 min ABŞ dolları) məbləğində mükafat müəyyən edilmişdi.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul