SİYASƏT


İstanbulda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 36-cı iclası keçirilib YENİLƏNİB

İstanbul, 29 iyun, АZƏRTAC

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 36-cı iclası keçirib.

Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldızın sədrliyi ilə keçirilən iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Rəsmi açılışda Əhməd Yıldızın və QDİƏT-in baş katibi Maykl Kristidesin çıxışları dinlənilib. Onlar təşkilatın 25 illik fəaliyyətindən və perspektivlərdən bəhs ediblər.

İclasda Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi yolları və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iclasda çıxış edib.

Əsasnaməyə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasına sədrlik Ukraynaya keçib.

İclasdan sonra Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız, Ukrayna xarici işlər nazirinin müavini Vadim Pristayko və QDİƏT-in baş katibi Maykl Kristides birgə mətbuat konfransı keçiriblər.

Əhməd Yıldız Türkiyənin sədrliyi dövründə görülən işlər barədə məlumat verib.

Ukraynanın sədrliyi dövründə təşkilatın fəaliyyətini genişləndirməyə ciddi səylər göstərəcəyini ifadə edən nazir müavini Vadim Pristayko diqqətə çatdırıb ki, təşkilatın potensial imkanından səmərəli istifadə etmək üçün üzv ölkələrdə sülh və sabitliyin qorunması xüsusi önəm daşıyır.

Baş katib Maykl Kristides bildirib ki, QDİƏT böyük imkanlara malik təşkilatdır. Ukrayna tərəfi sədrliyi dövründə mövcud imkanlardan istifadə olunmasında daha böyük səylər göstərəcək.

İclasın yekunu ilə bağlı Azərbaycan KİV-lərinə müsahibəsində nazir müavini Mahmud Məmmədquliyev deyib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi nailiyyətlər əldə etmək üçün ilk növbədə, üzv ölkələr arasında münaqişələr həllini tapmalıdır. O cümlədən təcavüzkar Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından öz hərbi qüvvəsini çıxarmalıdır. Biz Azərbaycanın dəyişməz mövqeyini bu iclasda bir daha ifadə etdik. Əks halda, QDİƏT fəaliyyətini heç zaman səmərəli şəkildə qura bilməyəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.