SİYASƏT
İstanbulda QDİƏT-in Zirvə toplantısı işə başlayıb
İstanbul, 22 may, АZƏRTAC
İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaranmasının 25-ci ildönümünə həsr olunan Zirvə toplantısı işə başlayıb.
Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da iştirakı ilə keçirilən Zirvə toplantısında Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir.
Zirvə toplantısında təşkilatın əhatə etdiyi Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi, təşkilatın səmərəli fəaliyyətini pozan amillər və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılır.
Qeyd edək ki, mayın 21-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının iclası keçirilib. İclasda təşkilata üzv olan ölkələr arasındakı mövcud münaqişələr, o cümlədən təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin davam etməsi səbəbindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması QDİƏT-in fəaliyyətinin səmərəliliyini pozan əsas fakt kimi dəyərləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul