SİYASƏT


İstanbulda “Qüds və hazırkı mərhələnin çağırışları” mövzusunda konfrans keçirilir VİDEO

A+ A

İstanbul, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda “Qüds və hazırkı mərhələnin çağırışları” mövzusunda konfrans işə başlayıb.

Konfransda Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təmsil edirlər.

Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxundu.

Konfransın rəsmi açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Parlamentlərarası Qüds Platformasının rəhbəri Hamid əl Ahmar və digərləri çıxış etdilər.

Çıxışlarda 29 noyabr - Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Gününün tarixi əhəmiyyətinə toxunuldu. Əminliklə ifadə olundu ki, bu konfrans Fələstin xalqı ilə beynəlxalq həmrəyliyin möhkəmlənməsinə və Yaxın Şərq probleminin sülh yolu ilə ədalətli həllinə töhfə verəcək. Parlamentlərarası Qüds Platformasının gələcək fəaliyyətinin daha səmərəli olması ilə bağlı maraqlı təkliflər səsləndirildi.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın iştirakı ilə keçirilən növbəti iclasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov son illər Fələstin dövlətinə və xalqına göstərilən beynəlxalq dəstəkdən məmnunluq ifadə edib. Fələstinin müşahidəçi statusu ilə BMT-də təmsil olunmasını və UNESCO-ya üzv qəbul edilməsini dünya ictimaiyyətinin Fələstin xalqına göstərdiyi dəstəyin nəticəsi kimi dəyərləndirən Ziyafət Əsgərov bildirib ki, Azərbaycan xalqı bundan sonra da dost Fələstin xalqına və dövlətinə hərtərəfli, o cümlədən beynəlxalq tədbirlər səviyyəsində dəstəyini davam etdirəcək. O, əminliklə qeyd edib ki, mövcud proses bu bölgədə sülh və əmin-amanlığın bərpa olunmasına müsbət təsirini göstərəcək.

Tədbirdə Fələstin xalqının azadlıq mübarizəsini və 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin ağır nəticələrini əks etdirən sənədli filmlər nümayiş olunub.

Konfrans noyabrın 30-da işini davam etdirəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.