SİYASƏT
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasının 5-ci ildönümü qeyd olunub
Oktyabrın 21-də İstanbulun “Çırağan” sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaranmasının beşinci ildönümü münasibətilə rəsmi mərasim keçirilib.
İstanbul vilayətinin valisi Vasip Şahinin, Türkiyədə fəaliyyət göstərən beynəlxalq təşkilatların və İstanbuldakı diplomatik korpus rəhbərlərinin, ölkə ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri mərasimdə çıxış edən TDƏŞ-in baş katibi Ramil Həsənov Azərbaycanda-Naxçıvan şəhərində təsis olunan təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. O, əminliklə deyib ki, gələcəkdə TDƏŞ-in sıraları daha da genişlənəcək, təşkilat sülh və sabitlik, tərəqqi və inkişafa yönəlmiş əsas amalını daha böyük coğrafiyada reallığa çevirəcək. R.Həsənov diqqətə çatdırıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ortaq marağa xidmət edən təşkilat olmaqla yanaşı, regiondakı bütün digər dövlətlər və qurumlarla qarşılıqlı faydalı əməkdaşlığa həmişə hazırdır.
Türkiyə xarici işlər nazirinin müavini Naci Koru Türkiyə ilə keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən türkdilli dövlətlərin birgə əməkdaşlığı, eləcə də onlarla TDƏŞ və digər təşkilatlar çərçivəsindəki əməkdaşlıq sayəsində əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. Nazir müavini bildirib ki, dünyadakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həllinə töhfələr vermək də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas hədəflərindəndir.
Mərasimdə təşkilatın baş katibliyi adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ilk baş katibi Xəlil Akıncıya “Xatirə lövhəsi” təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul