MƏDƏNİYYƏT
İstanbulda XXI Türk dünyası uşaq festivalı başlanıb
İstanbul, 25 may, AZƏRTAC
İstanbulda XXI Türk Dünyası uşaq festivalı başlanılıb. Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində 21 ölkədən və muxtar qurumdan 35 uşaq kollektivi təmsil olunub.
Tədbir İstanbulun Asiya tərəfindəki Söyüdlüçeşmə bölgəsindən başlanıb. Oradan Kadıköy meydanına qədər yürüş keçirilib. Öz dövlətlərinin bayraqlarını dalğalandıran uşaqlar sülh çağırışları olan süarlarla irəliləyiblər.
Sonra Kadıköydəki Atatürk meydanında festivalın açılışı olub. Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan və digərlərinin çıxışlarında ənənəyə çevrilmiş bu festivalın əhəmiyyətindən danışılıb. Diqqətə çatdırılıb ki, festivalda türk xalqlarını təmsil edən uşaqların bir araya gəlməsi “Dildə, fikirdə və işdə birlik” şüarının gerçəkliyə çevrilməsinə əsas verən ən mühüm mədəni birlik nümayişidir.
XXI Türk Dünyası uşaq festivalında Azərbaycanı Bakı Atatürk liseyinin “Turan” qrupu təmsil edir. Azərbaycan heyətində müəllimlər Arzu Quliyeva, İlhamə Məmmədova və Səbinə Danyarbəyli olmaqla 13 nəfər şagird və məktəblilərin valideynləri təmsil olunurlar.
Festival müxtəlif proqramlar üzrə mayın sonunadək davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul