DÜNYA
İstanbulda diplomatiya və vasitəçilik mövzusuna həsr olunan konfrans keçirilir
İstanbul, 30 iyun, АZƏRTAC
İyunun 30-da İstanbulda Türkiyənin dünyadakı münaqişələrin sülh yolu ilə həlli və vasitəçilik məsələlərinə verdiyi əhəmiyyət çərçivəsində “Güclü diplomatiya, effektli vasitəçilik” mövzusunda IV İstanbul Vasitəçilik Konfransı keçirilir.
Rəsmi açılışdan əvvəl vasitəçilik missiyasının əhəmiyyətinə dair sənədli film nümayiş olunub. Filmdə konfransın əhəmiyyəti barədə fikir və mülahizələrini bölüşən dünyanın tanınmış siyasətçiləri, diplomatlar və mütəxəssislər vasitəçilik missiyasının dünyada sülh və əmin-amanlıq naminə əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, vasitəçilik davamlı bir beynəlxalq sülh marafonudur.
Məlumat verilib ki, vasitəçilik mövzusu Türkiyə və Finlandiyanın Birləşmiş Millətlər Təşkilatında “Sülh Naminə Vasitəçilik” təşəbbüsünə rəhbərlik etdiyi gündən indiyədək qlobal miqyasda yüksələn xətlə inkişaf etməkdədir. Həmin təşəbbüsün nəticəsi kimi yaradılan Vasitəçilik Üzrə Dostlar Qrupunun bu gün 48 ölkə və 5 beynəlxalq təşkilat olmaqla ümumilikdə 53 üzvü var.
Panellər üzrə davam edən konfransda dünyanın hər tərəfindən gəlmiş mütəxəssislər, diplomatlar, praktiklər və alimlər qabaqcıl metod kimi münaqişələrin qarşısının alınmasında və həllində vasitəçiliyin inkişaf etdirilməsi yollarını araşdırırlar.
Qeyd edək ki, Türkiyə 2012-ci ildən başlayaraq İstanbul Vasitəçilik konfranslarına ev sahibliyi edir. Bu konfranslar münaqişələrin qarşısının alınması və vasitəçilik fəaliyyəti sahəsində çox sayda praktik və alimin bir araya gətirilməsi qayəsi ilə təşkil olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul