DÜNYA
İstanbulda ermənilərdən ibarət quldur dəstə yaşlı ermənini amansızlıqla qətlə yetirib
İstanbul, 11 fevral, AZƏRTAC
Ermənilərdən ibarət quldur dəstə İstanbulda yaşayan erməni ailəsinin 85 yaşlı üzvü Yakup Dəmirçini amansızlıqla qətlə yetirib, onun həyat yoldaşı 79 yaşlı Ayda Dəmirçini ağır yaralayıb.
Ərinin dəfnindən sonra jurnalistlərə müsahibə verən A.Dəmirçi deyib ki, onların Şişli rayonunda yerləşən evinə girən quldur dəstənin üzvləri ərlə arvadın əl-qulunu donuz hörüyü ilə bağlayıblar. Y.Dəmirçi quldurlar tərəfindən boğularaq öldürülüb. Quldurlar evdən təxminən 33 min ABŞ dolları və külli miqdarda qızıl-zinət əşyaları götürüblər.
Türkiyə polisinin İstanbulda və Trabzonda eyni vaxtda keçirdiyi əməliyyat nəticəsində sözügedən cinayəti törətmiş ermənilərdən ibarət 8 nəfərlik quldur dəstə zərərsizləşdirilib. Quldurlardan Türkiyəni tərk etmək üçün əldə etdikləri saxta pasportlar da götürülüb. Dəstə üzvlərinin sayının artacağı istisna edilmir. Onların dördü qadın ermənidir. Ehtimal olunur ki, ermənilərdən ibarət quldur dəstə daha böyük şəbəkədir və digər ağır cinayətlərdə, o cümlədən sifarişli qətllərdə iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul