CƏMİYYƏT
İstanbulda faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının rolundan bəhs edilib
İstanbul, 28 aprel, AZƏRTAC
Rusiyanın İstanbuldakı baş konsulluğunda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistanın bu şəhərdəki baş konsullarının iştirakı ilə alman nasizmi üzərində böyük Qələbənin 70-ci ildönümü münasibətilə yerli və xarici jurnalistlər üçün birgə mətbuat konfransı keçirilib.
Əvvəlcə Rusiya baş konsulu Aleksey Erkov 1941-ci ildə alman faşistləri tərəfindən başlanan müharibənin keçmiş Sovetlər Birliyində törətdiyi faciə və dağıntılardan danışıb. Baş konsul sovet əsgərlərindən yadigar olan məktub, xatirə dəftəri və digər əyani vəsaitləri təqdim edərək onlar barədə məlumat verib.
Sonra baş konsullar bəşər tarixinin ən dağıdıcı savaşı sayılan 1941-1945-ci illər müharibəsində öz xalqlarının iştirakı, itkilər və dağıntılardan danışıblar. Çıxışlarda qeyd olunub ki, keçmiş sovet xalqlarının faşizm üzərində Qələbənin qazanılmasında öyünməyə haqqı var. Ona görə də bu Qələbənin əldə olunmasında iştirak edən xalqlar onu zəfər bayramı kimi qeyd edirlər.
Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının rolu barədə məlumat verən baş konsul Həsən Zeynalov diqqətə çatdırıb ki, xalqımız güclü əsgəri qüvvə, zəkalı mühəndis kontingenti, təbliğatçı ziyalılar ordusu, o cümlədən müharibədə həlledici rola malik Bakı nefti ilə ön sırada olub. Azərbaycan xalqı döyüşlərdə olduğu kimi, arxa cəbhədə də böyük fədakarlıq göstərib. Ölkədə əldə olunan qida məhsulları, geyim və qiymətli əşyalar toplanaraq cəbhəyə göndərilib. Sonrakı illərdə bu dəhşətli müharibənin ağrı və acısını gələcək nəsillərə çatdırmaq məqsədi ilə Azərbaycanda dəyərli əsərlər yazılıb, müharibənin reallıqlarını, onun yaratdığı faciə və sağalmaz yaraları əks etdirən filmlər çəkilib. Böyük Qələbənin əldə olunmasında özünün şərəfli yeri və rolundan iftixar keçirən Azərbaycan xalqı tarixdə dəfələrlə müharibənin dəhşətlərini yaşayıb. Bu səbəbdən də xalqımız sülh, sabitlik və tərəqqi tərəfdarı olaraq bütün münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinə tərəfdardır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul