MƏDƏNİYYƏT
İstanbulda gənc azərbaycanlı rəssamın sərgisi açılıb
İstanbul, 4 may, AZƏRTAC
Azərbaycanlı rəssam Xaqan Bayramovun aprelin 10-dan 17-dək Naxçıvan şəhərində keçirilmiş fərdi sərgisi hazırda İstanbul rəsmsevərlərinin qonağıdır. İstanbulun nüfuzlu “NİŞ ART” qalereyasında təşkil olunan sərgi mayın 9-dək davam edəcək.
Sərginin açılış mərasimində Azərbaycandan və Türkiyədən görkəmli rəssamlar, elm və mədəniyyət xadimləri, İstanbuldakı digər qalereyaların təmsilçiləri, media mənsubları iştirak ediblər.
Sərgidə İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsi olan həmyerlimizin 40 əsəri nümayiş etdirilir. “Köhnə Bakı”, “Naxçıvan”, “Quba” və digər adlarla təqdim edilən əsərlərdə Azərbaycanın yüksək arxitektura mədəniyyəti və həyat tərzi təsvir olunur. Bundan başqa, rəssamın yaratdığı “Köç” və “Vida” tablolarında sovet dövründə və ondan əvvəlki vaxtlarda xalqımızın düçar olduğu haqsızlıqların ümumiləşmiş forması təsvir edilib. O, həmçinin xalqımızın zəngin adət-ənənələrini tərənnüm etməklə bərabər, dünya şöhrətli şəxsiyyətlərin portretlərini yaratmaqla bəşəri dəyərlərə olan xoş münasibətini ortaya qoya bilib.
Sərgilənən əsərlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Görkəmli rəssam Sevda Yıldırım AZƏRTAC-a müsahibəsində bildirib ki, X.Bayramov gənc olmasına baxmayaraq, real həyatdan götürülmüş mövzuları böyük peşəkarlıqla kətan üzərində yağlı boya ilə təsvir etməyi bacaran istedadlı rəssamdır. Onun yaradıcılığında heç bir sünilik yoxdur. Azərbaycandakı rəssamlıq ənənələri qədim olmaqla yanaşı, həm də hərtərəflidir. Xaqanın rəsmlərinə baxaraq qürurla deyə bilərik ki, keçmişdə olduğu kimi, bundan sonra da Azərbaycan xalqı dünya rəssamlıq sənətinə böyük töhfələr verəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul