DÜNYA
İstanbulda ikinci Türk Dili Bayramı keçiriləcək
Bakı, 23 avqust, AZƏRTAC
Avqustda 27-də İstanbulda ikinci Türk Dili Bayramı keçiriləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Yunus Əmrə İnstitutunun bu il 46 ölkədən 540 məktəblinin iştirakı ilə yeddinci dəfə təşkil etdiyi "Türk Dili Yay Məktəbi" Türkiyə dövlətinin himayəsi altında Türk Dili Bayramı ilə yekunlaşacaq.
"Türk Dili Yay Məktəbi"ndə iştirak edən məktəblilər 16 fərqli şəhərdə 20 universitetin ev sahibliyi ilə tarixi və turizm yerlərini gəzəcək, türk dilini yerində öyrənmək və türk mədəniyyətini tanımaq imkanı qazanacaqlar.
Məktəblilər "İnsan və Türk Dili" mövzulu yekun tədbirində türk dilində dünyaya sülh, dostluq və sevgi ismarıcları yollayacaqlar. Dünyanın bir çox yerində müharibələrin olduğu bir dövrdə bu ismarıclar çox əhəmiyyətli bir çağırış olacaq.
Xarici ölkələrdə 45 mərkəzi fəaliyyət göstərən Yunus Əmrə İnstitutu ilk dəfə bu il Amerika qitəsini də proqramlarına qataraq, Cənubi Amerikada bir mərkəz açmağı planlaşdırır.
Qeyd edək ki, keçən il 60 ölkədən 500-ə yaxın məktəblinin iştirak etdiyi “1000 İlin Səsi Türk Dili Bayramı” təntənəli şəkildə qeyd olunub.