CƏMİYYƏT


İstanbulda keçirilən beynəlxalq konfransda Azərbaycanın uğurlu gənclər siyasətindən danışılıb

A+ A

İstanbul, 20 oktyabr, AZƏRTAC 

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və BMT-nin Mədəniyyətlər İttifaqının (UNAOS) birgə təşkilatçılığı ilə “Ekstremizmə varan radikallıqla mübarizədə gənclərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.

İki gün davam edəcək konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisin deputatı Şahin İsmayılov, Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev və digərlərindən ibarət nümayəndə heyəti iştirak edir.

Toplantının rəsmi açılışında TDƏŞ-in baş katibi Ramil Həsənov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və Türkiyə Baş nazirinin müavini Toğrul Turkeş çıxış ediblər. Məlumat verilib ki, toplantıda 37 ölkədən 320 nümayəndə iştirak edir.

Çıxışlarda gənc nəslin düzgün istiqamətləndirilməsində təhsil və tərbiyənin rolu yüksək qiymətləndirilib. Diqqətə çatdırılıb ki, gəncləri ekstremizmdən və radikal meyillərdən çəkindirmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin təşkili kimi məqamlara üstünlük verilməlidir.

Tədbirdə BMT ilə TDƏŞ arasında əməkdaşlıq protokolu imzalanıb.

Rəsmi açılışdan sonra konfrans panel iclasları ilə davam edib.

“Hökumətin və beynəlxalq təşkilatların ekstremizmə qarşı mübarizədə gənclərə münasibəti” mövzusunda paneldə çıxış edən Fərhad Hacıyev Azərbaycanda həyata keçirilən gənclər siyasətinin istiqamətləri barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini diqqətə çatdıran F.Hacıyev Azərbaycanda gənclərin seçkili orqanlarda iştirakı, dövlət idarəçiliyində irəli çəkilməsi, yüksək təhsil almaq üçün həyata keçirilən dövlət proqramları və s. məqamların dünya üçün əhəmiyyətli nümunə olduğunu qeyd edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.