QAN YADDAŞI
İstanbulda salınacaq Xocalı Parkının təqdimatı olub
İstanbul, 25 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Bağçılar rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə bu rayonda anım mərasimi təşkil olunub.
Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndiriləndən sonra 2016-cı ilin yayında Türkiyədə dövlət çevrilişinə cəhdin və Xocalı soyqırımının dəhşətlərini əks etdirən filmlər nümayiş olunub.
Məlumat verilib ki, Bağçılar rayon bələdiyyəsinin qərarı ilə rayon ərazisində Xocalı qurbanlarının əziz xatirəsinə park salınacaq. Parkın inşaat maketləri əsasında hazırlanan videoçarxın təqdimatı olub. Bildirilib ki, yaxın gələcəkdə təxminən 30 hektar ərazisi olacaq Xocalı Parkının inşasına başlanılıb və Xocalı soyqırımının növbəti ildönümündə onun başa çatdırılması nəzərdə tutulub. Vurğulanıb ki, belə bir parkın salınması baş konsul Məsim Hacıyevin təşəbbüsü əsasında Bağçılar bələdiyyəsinin qərarı ilə həyata keçirilir.
Sonra baş konsul Məsim Hacıyev Xocalı soyqırımının törədilməsinin məqsədi və bu barədə dünya ictimaiyyətinin məlumatlandırılmasının mahiyyəti, Bağçılar rayonunun icra başçısı Orhan Çiftçi və rayonun bələdiyyə sədri Lokman Çağırıcı bu faciənin qardaş ölkədə yaratdığı sarsıntı, hadisə qurbanlarının xatirəsinə göstərilən ehtiram, tədqiqatçı-yazıçı Aygün Həsənoğlu saxta “erməni məsələsi”nin ayrı-ayrı istiqamətləri barədə araşdırmalarının nəticələri və Xocalı sakini Aqil Məmmədov isə bu soyqırımının dəhşətlərindən bəhs edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul