QAN YADDAŞI
İstanbuldakı Mərmərə Universitetində Xocalı soyqırımının ildönümü ilə bağlı konfrans keçirilib
İstanbul, 27 fevral, AZƏRTAC
İstanbuldakı Mərmərə Universitetində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.
Konfransda Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, millət vəkilləri, görkəmli alimlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Meral Akşənər, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev və başqaları konfransda çıxış ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyətindən danışan baş konsul Həsən Zeynalov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının soyqırımların qarşısını almaq üçün qəbul etdiyi rəsmi sənədə əsasən, Xocalıda törədilən faciə əsl soyqırımıdır. Odur ki, Xocalı hadisələri məhz soyqırımı kimi tanıdılmalı, ermənilərin yüz illiyinə hazırlaşdıqları uydurma “erməni soyqırımı” yalanları məhz Xocalı soyqırımı həqiqətləri ilə ifşa olunmalıdır.
Meral Akşənər, Azay Quliyev və başqaları Xocalı soyqırımının dəhşətlərindən bəhs edərək bildiriblər ki, dünya ictimaiyyətinin bu soyqırımını tanımamağa mənəvi haqqı yoxdur. Çıxışlarda Xocalı soyqırımı erməni millətçilərinin zaman – zaman Azərbaycanda və Türkiyədə törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Xocalı soyqırımının dünya birliyi tərəfindən tanıdılması məsələsində Azərbaycan və Türkiyə səyləri daha da artırmalı, imkanlar geniş şəkildə səfərbər etməlidir.
Konfrans çərçivəsində “Xocalının əmanəti: böyüməyən uşaqlar” kitabının təqdimatı olub, soyqırımını əks etdirən film nümayiş etdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul