CƏMİYYƏT
“İstedadların hazırlığı laboratoriyası” IV Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb VİDEO
Bakı, 10 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Dekabrın 10-da Bakıda, “Park İnn” otelində “İstedadların hazırlığı laboratoriyası” IV Respublika Olimpiadasının final turunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir layihə haqqında videoçarxın nümayişi ilə başlayıb.
Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxış edərək bildirib ki, layihənin keçirilməsində məqsəd riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gəncləri aşkar etmək, onların inkişafını stimullaşdıran tədbirlər həyata keçirməkdir. Çoxmərhələli layihə çərçivəsində informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə respublikamızda yeniyetmələrin eyni vaxtda onlayn olimpiadaya qatılmaq imkanı yaradılıb. Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir. Layihə çərçivəsində seçim prosesi internet vasitəsilə aparılır. Layihədə hər dəfə iki mindən çox gənc iştirak edir. Final yarışında ən yaxşı nəticə göstərmiş 60-dan çox gənc yay və qış məktəblərinə dəvət alır. Məqsəd istedadlı gənclərə dəstək olmaq və onları beynəlxalq olimpiadaya hazırlamaqdır. Artıq dördüncü ildir icra olunan layihə çərçivəsində indiyədək keçirilən olimpiadalara 8 mindən çox gənc müraciət edib. Olimpiadanın qaliblərinin 83 faizi universitetlərə qəbul zamanı 600-dən çox bal toplayıb”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək əmin olduğunu bildirib ki, turnirdə iştirak edən yeniyetmə və gənclər gələcəkdə beynəlxalq olimpiadalarda da yaxşı nəticələr göstərəcəklər: “Bundan əvvəl keçirilən yarışlarda iştirak edən və qalib gələn gənclərin bir qismi bu gün nüfuzlu xarici təhsil müəssisələrində oxuyurlar. “İstedadların hazırlığı laboratoriyası” kimi layihələrin icrası gənclərin elmə həvəsləndirilməsi, onların potensialının üzə çıxarılması baxımından mühüm rol oynayır”.
Sonda “İstedadların hazırlığı laboratoriyası” IV Respublika Olimpiadasının final turunda qalib gələn gənclər mükafatlandırılıblar.