ELM VƏ TƏHSİL
“İstedadların hazırlığı laboratoriyası”da VII-XI sinif şagirdləri iştirak edə bilərlər
Bakı, 11 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə “İstedadların hazırlığı laboratoriyası” layihəsi həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir. Layihə çərçivəsində iştirakçıların seçiminin on-line olimpiadalar vasitəsilə aparılması nəzərdə tutulub.
2013-cü və 2014-cü illərdə 2400-dən çox şagird “İstedadların hazırlığı laboratoriyası”da iştirak edib. Cari i ilin aprelin 1-dən 8-dək 700-dək şagird qeydiyyatdan keçib.
Aprelin 12-də, 19-da və 26-da saat 12.00-dan-15.00-dək üçüncü Respublika olimpiadası çərçivəsində müvafiq olaraq l, ll və lll on-line mərhələləri keçiriləcək.
“İstedadların hazırlığı laboratoriyası” çərçivəsində üçüncü Respublika Olimpiadasında iştirak etmək istəyən VII-XI sinif şagirdləri www.istedad.az saytında qeydiyyatdan keçərək on-line mərhələlərində iştirak edə bilərlər.
Layihə dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədilə həyata keçirilir.