CƏMİYYƏT
“İstedadların hazırlığı laboratoriyası”nın üçüncü turu keçiriləcək
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 29-da “İstedadların hazırlığı laboratoriyası” layihəsinin sonuncu – üçüncü onlayn turu keçiriləcək. Bundan əvvəlki iki onlayn turda iştirak edə bilməyən və ya yüksək nəticə göstərməyən yeniyetmə və gənclər sonuncu tura qatılaraq biliklərini sınaya bilərlər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki illərdə olduğu kimi, bu il də layihə iştirakçıları üç onlayn olimpiada turunda biliklərini sınayırlar. Builki layihənin iki onlayn turu artıq başa çatıb.
Aprelin 15-də Olimpiadanın birinci onlayn turu keçirilib. Bu turda qeydiyyatdan keçən 2 min nəfərdən 854 nəfər iştirak edib, 76 nəfər yüksək bal toplayıb. Onlardan 29-u bütün suallara doğru cavab verərək 10 bal, 22 nəfər 9 bal, 25 nəfər isə 8 bal toplayaraq yaxşı nəticə göstəriblər. Aprelin 22-də olimpiadanın ikinci onlayn turu keçirilib. Bu tura 500-dən çox yeniyetmə və gənc qatılıb ki, onlardan 17-si fərqlənib. İştirakçıların regionlar üzrə statistik göstəricilərinə əsasən, paytaxt ilə yanaşı, ən fəal şəhər və rayonlar Lənkəran, Biləsuvar, Ağdaş, İsmayıllı, Quba, Şirvan olub. Hər iki turun yekunlarına görə, yüksək nəticələrin şəhərlər üzrə statistik göstəricilərinə əsasən Bakı, Lənkəran, Biləsuvar fərqlənib.
Ətrafında 10 minədək gənci toplamağa müvəffəq olan bu layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır. Olimpiada riyaziyyat, fizika və kimya fənləri üzrə aparılır.
Bu il Olimpiadada 2001-2004-cü il təvəllüdlü yeniyetmə və gənclər iştirak edir. Olimpiadada iştirak etmək istəyənlər www.istedad.az internet səhifəsində qeydiyyatdan keçməli, yuxarıda qeyd olunan tarixdə saat 12.00-dan 14.00-dək olan vaxt kəsiyində yarışmaya qoşulub sualları cavablandırmalıdırlar. İştirakçılara 30 tapşırıq təqdim olunur və onların həlli üçün 45 dəqiqə vaxt ayrılır.