REGİONLAR
İstehlak Mallarının Ekspertizası Mərkəzi "Açıq qapı" günü keçirib
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ixracatçı şirkətlərin nümayəndələrinin iştirakı ilə "Mənşə ekspertizalarının keçirilməsi qaydaları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda seminar keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov sahibkarlara və ixracatçılara göstərilən dövlət dəstəyi tədbirlərindən danışıb, sahibkarların qarşılaşdıqları məsələlərin həlli məqsədilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün İstehlak Mallarının Ekspertizası Mərkəzində görülən işlər barədə məlumat verib.
Ekspertiza şöbəsinin müdiri Elçin Məlikov mənşə ekspertizalarının aparılması qaydalarını, ixracatçılara tətbiq edilən güzəştlər, regional bölmələrlə və laboratoriyalarla iş şöbəsinin müdiri Elşad Həsənov isə regional bölmələrdə fəaliyyət göstərən laboratoriyaların xidmətləri barədə danışıblar.
Sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sahibkarların diqqətinə çatdırılıb ki, ixracatçıların maarifləndirilməsi istiqamətində Quba-Xaçmaz regional bölməsi üzrə İqtisadiyyat Nazirliyinin Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində hər ayın son çərşənbə axşamı, Aran regional bölməsi üzrə İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində hər ayın son cümə axşamı saat 11:00-dan 15:00-dək "Açıq qapı" günləri davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısının müəyyən etdiyi vəzifə və tapşırıqların ixracatçılara çatdırılması, onların bu istiqamətdə maarifləndirilməsi, ixrac zamanı tətbiq olunan güzəştlər barədə məlumatlandırılması məqsədilə İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən təşkil edilən "Açıq qapı" günləri çərçivəsində iqtisadi regionlar üzrə seminar və "dəyirmi masa"lar təşkil olunur.