İQTİSADİYYAT
İstehlak Mallarının Ekspertizası Mərkəzinin ixraca dair maarifləndirmə tədbirləri başa çatıb
Bakı, 23 dekabr, AZƏRTAC
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə "Malların ixracı proseduru və aparılan mənşə ekspertizaların mahiyyəti" mövzusunda seminar keçirilib.
Tədbirdə 50-dən çox sahibkarlıq subyektinin ixrac üzrə səlahiyyətli nümayəndələri iştirak edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda malın ixrac proseduru və gömrük güzəştləri barədə ətraflı məlumat verilib, bu sahədə ehtiyac yarandıqda mərkəzin ekspertlərinə müraciət etmək tövsiyə olunub. Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının fəaliyyəti, akkreditasiya sahələri, burada aparılan laborator müayinələr də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, sahibkarlar istehsal etdikləri məhsulların keyfiyyət göstəricilərinin təyin olunması üçün laboratoriyanın imkanlarından istifadə edə bilərlər. Bundan başqa, iştirakçılar mənşə ekspertizası və malın mənşəyini təsdiq edən sənədin 1 gündən gec olmayaraq sahibkara təqdim edilməsi, həmçinin ekspertiza xidmətləri qiymətlərinin qeyri-neft malları üçün 30 faiz aşağı salınması barədə məlumatlandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.
Bununla da, İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən müvafiq mövzuda keçirilmiş silsilə tədbirlər başa çatıb. Ümumilikdə, mərkəz tərəfindən Bakı şəhəri və regionlar üzrə bu mövzuda 7 seminar, İqtisadiyyat Nazirliyinin qurumları ilə birlikdə isə 4 tədbir keçirilib.
2017-ci ildə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulur.