CƏMİYYƏT


İstehlak etdiyiniz pomidorun keyfiyyət əlamətlərinə diqqət edin

Bakı, 12 may, AZƏRTAC

Mövsümü olaraq pomidor ən çox istifadə olunan tərəvəz məhsullarındandır. Məişətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. Ona görə də istehlakçılar üçün onun keyfiyyət əlamətlərini bilmək vacibdir.

Pomidorun tərkibində orta hesabla 93-96 faiz su, 0,61 faiz mineral maddə, 4 faizə qədər karbohidratlar, 0,19 faiz yağ, 0,84 faiz sellüloza dəmir və s. vardır. Tərkibində quru maddələr, o cümlədən həll olan şəkərlər, üzvi turşular, natrium, kalium, kalsium, dəmir, fosfor kimi maddələr, bir sıra vitaminlər, karotin və s. vardır.

Pomidorun 600-ə qədər növü məlumdur ki, bunlar da formasına, rənginə, böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənir. Keyfiyyətcə pomidor təzə, təmiz, bütöv, sağlam, zərərvericilərlə zədələnməmiş olmalıdır. Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Yetişmə dərəcəsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan zaman da yetişə bilir. Saхlanma zamanı pomidorda suyun buхarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər gedir. Bu səbəblərdən saхlanma müddətinə görə pomidor orta müddətə saхlanıla bilən tərəvəzlər qrupuna daxildir və onu 1 aydan 2-3 aya qədər saхlamaq olar. Pomidorun saxlama müddəti onun növündən, saxlama temperaturundan və şəraitindən asılıdır. Məsələn, yetişmiş qırmızı pomidorlar optimal şəraitdə təxminən 30 gün müddətində saxlanıla bilər. Bu zaman onlar 0-2 C dərəcə temperaturda, 85-90 faiz nisbi rütubətdə soyuducuda saxlanmalıdır.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, pomidorun keyfiyyətli qalması üçün onun saxlanma temperaturu xüsusi əhəmiyyət kəsb edir. Burada onun yetişmə səviyyəsi də mühüm rol oynayır. İstənilən rəngdə olan tam dəymiş pomidorları 1-2 C dərəcə, orta dəymişləri 4-6 C dərəcə, yaşıl dəymiş pomidorları isə 10-12 C dərəcə temperaturda saxlamaq məqsədəuyğundur.

Pomidorun istehlakçıya keyfiyyətli halda çatdırılmasında yeşiklərdən, səbətlərdən, konteynerlərdən və s. istifadə olunur. Qablaşdırma zamanı yeşiyin içi bükücü kağızla örtülür və oraya birqat qablaşdırma materialı döşənir. Daşınma zamanı isə məhsulun üstü mütləq örtülməlidir. Pomidor keyfiyyətini itirməmək üçün ticarət şəbəkələrinə əsasən üstübağlı maşınlarda daşınmalı və qısa müddətdə istehlak yerinə çatdırılmalıdır.

Pomidor alarkən keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşü nəzərdən keçirilməli, məhsulun qablaşdırılması, daşınması, saxlanılması və s. mərhələlərində müvafiq standartların və normativ-texniki sənədlərin tələblərinə əməl olunması yoxlanılmalıdır.

Mağazalarda qablaşdırılmış şəkildə satılan pomidorlar içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.

Pomidor alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə, saxlanma müddətində əmələ gələ bilən fizioloji xəstəliklərin əlamətlərinə və s. kimi məsələlərə diqqət edin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.