İQTİSADİYYAT
İstehlakçılar balıq konservləri alarkən markalanmasında olan məlumatlara diqqət etməlidir
Bakı, 24 yanvar, AZƏRTAC
Balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti vardır. Bu qəbildən olan məhsulların tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olduğundan onların əksəriyyətini adi şəraitdə uzun müddət keyfiyyətli saxlamaq mümkün olmur. Ona görə də belə məhsulların saxlanılma müddətini artırmaq üçün onları müxtəlif üsullarla konservləşdirirlər. Balıq konservləri özünəməxsus dada və qida dəyərlərinə malikdir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda ticarət şəbəkəsində istehlakçılara ən müxtəlif çeşidli balıq konservləri təklif olunur. Bu məhsullar, əsasən, balığın hazırlanmasının xarakterindən, qida və tam əlavələrindən asılı olaraq təbii və yeyinti növlərinə bölünürlər. Təbii konservlər tam və qoxusunu dəyişən məhsullar əlavə etmədən öz şirəsində, yeyinti konservləri isə tomat sous, yağ, və s. əlavə edilməklə hazırlanır.
Balıq konservləri metal və ya şüşə bankalarda qablaşdırılır. Metal bankalara yan tərəfdən və ya qapağın üstündən litoqrafiya üsulu və ya su aparmayan rənglə məhsulun istehsal və son istifadə tarixi həkk olunur. Eyni zamanda, qablaşdırmanın üzərinə yapışdırılan kağız etiketdə istehsalçının adı və ünvanı, əmtəə nişanı, qida dəyəri, saxlanma müddəti və s. məlumatlar əksini tapmalıdır.
Ticarət şəbəkəsində bu məhsulları müxtəlif müddətlərdə 20 dərəcəyədək olan temperaturda 75 faizdən çox olmayan nisbi rütubətdə saxlamaq olar. Konservlərin optimal temperaturda saxlama müddəti onların növündən asılıdır. Məsələn, yağda hazırlanmış balıq konservlərini 20 dərəcə temperaturda 2 ilədək saxlamaq olar. Tomatda olan balıq konservlərini isə 0-5 dərəcə temperaturda 18 aydan artıq olmayaraq saxlanılır. Ümumilikdə isə qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlanma müddəti məhsulun növündən, qablaşdırılmasından və saxlama şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir.
Balıq konservləri sterilizə olunan, hermetik qabda yerləşdirilən, istifadəyə hazır və müəyyənləşdirilmiş müddətədək saxlanılarkən keyfiyyətini itirməyən məhsuldur. Balıq konservləri alarkən istehlakçıların bir sıra məsələlərə diqqətlə yanaşması zəruridir. Çünki keyfiyyətsiz balıq və balıq məhsullarının istehlakı sağlamlıq üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir. Bu məhsulları alarkən onların markalanmasında olan məlumatları diqqətlə nəzərdən keçirin. Balıq konservləşdirilmiş metal qablarda əziklər, batıqlar və pas olduqda onları almaqdan çəkinin.