İQTİSADİYYAT
İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair layihə yekunlaşıb
Bakı, 29 iyun, AZƏRTAC
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” adlı layihə çərçivəsində yekun tədbirini keçirib.
GVİB KİV-lə iş şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İctimai Birliyin sədri Müqamət Əliyev GMO ərzaqlarının ölkəmizə gətirilməsi və satışı ilə bağlı mövcud vəziyyət barədə danışıb. Qeyd edib ki, ərzaq qıtlığını aradan qaldırmaq məqsədilə geni dəyişdirilmiş məhsullar bazarlara ilk dəfə 1990-cı illərin əvvəllərində çıxarılıb. Sonrakı illərdə dünya bazarlarında GMO məhsullarının çəkisi sürətlə artıb. Bütün bunlar isə mütəxəssislərin qeyd etdiyi kimi, insanların sağlamlığını təhdid edir.
M.Əliyev GMO məhsullarının ölkəyə gətirilməsi, becərilməsi və satışı ilə bağlı respublikamızda mövcud olan qanunvericilik sistemi barədə ətraflı məlumat verib.
Könüllü ekspert Qələnfir Ağalarova GMO məhsullarının istehsal səbəbləri və insan orqanizminə təsirləri və gələcəkdə yarada biləcəyi fəsadlardan danışıb. O deyib ki, GMO məhsullarının qəbulu zamanı oradakı maddələr illərlə orqanizmdə yığılaraq müxtəlif xəstəliklərə səbəb olur. Burada əsas zərərçəkənlər isə uşaq və gənclərdir, çünki onların immun sistemi bu zərərli maddələrə qarşı mübarizə aparmaq qabiliyyətində deyil. Gündəlik istifadə olunan ərzaq, kosmetik vasitələr və qeyri-orqanik tərəvəzlərin tərkibində yer alan kimyəvi komponentlər gənc anaların orqanizmində toplanaraq gələcək nəsillərə ötürülür. Son zamanlar uşaqlarda geniş yayılmış allergik xəstəliklərin səbəblərindən biri də əsasən yuxarıda qeyd olunan amillərdir. Sintetik kimyəvi maddələrdən istehsal olunmuş kosmetik və gigiyenik vasitələrin də insan orqanizminə çox mənfi təsiri var. Sintetik yuyucu vasitələr dəridən çirki təmizləsə də, dərinin müdafiəçisi olan üst qatını zədələyir və beləliklə, dəri ətraf mühitin mənfi təsiri qarşısında aciz qalır.
“Çox təəssüf ki, ölkəmizdə GMO məhsullarının zərərləri barədə kifayət qədər məlumatlar yoxdur. Xüsusilə, gənclərin bununla bağlı məlumatsız olduqları müşahidə edilməkdədir. Ona görə də əksəriyyət xarici görünüşcə gözəl görünən GMO ərzaqlarına üstünlük verir, nəinki ölkəmizin öz istehsalı olan orqanik məhsulları alır. Bütün bu nöqsanların aradan qaldırılması üçün gənclər arasında geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var”, - deyə ekspert əlavə edib.
Q.Ağalarova dünyada GMO ərzaqlarının istehsalı, satışı və insan orqanizminə zərərləri barədə də ətraflı məlumat verib.