İQTİSADİYYAT


İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Enerji bəşəriyyətin təməl ehtiyaclarından ən önəmlisidir. Dünya əhalisinin sayının sürətlə artması keyfiyyətli enerjiyə olan tələbatı və gələcək üçün qayğıları da gündəmə gətirir. Enerji yoxsulluqla mübarizə və davamlı inkişafa gedən yolda əsas amillərdəndir. Digər tərəfdən, enerji texnologiya, iqtisadiyyat və siyasət arasında əlaqə quran bir anlayışdır. Cəmiyyətlərin tərəqqisinə cığır açan “enerji” məfhumu sosial-iqtisadi inkişafın mühərriki rolunu oynayır.

Sürətli sosial-iqtisadi inkişaf yolunda irəliləyən Azərbaycanda da bu tərəqqi energetika sektorunun çiçəklənməsi ilə sıx bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ölkəmizin mövcud potensialının milli maraqlar naminə səfərbər olunması tərəqqi yolunda dinamikliyi və məqsədyönlülüyü təmin edir. Müstəqilliyimizin bərpasından sonra təsdiq olunmuş dövlət proqramları çərçivəsində bütün istiqamətlərdə olduğu kimi, energetika sektorunda da ciddi nailiyyətlər nəzərə çarpır və bu sahə daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır. Əhalinin, eləcə də iqtisadiyyatın elektrik enerjisi ilə davamlı və etibarlı şəkildə təmin olunması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın enerji sistemi qoyuluş gücünün həcminə, yeni istifadəyə verilmiş və yenilənmiş generasiya güclərinin xüsusi çəkisinin yüksəkliyinə görə MDB ölkələri və bir sıra Avropa dövlətləri arasında qabaqcıl ölkələrdən hesab olunur.

Bir əsrdən artıq tarixə malik milli elektrik energetikası sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrə təsadüf edir. Ulu Öndər daha sonralar bu şərəfli tarixi xatırlayarkən fikirlərini bu sözlərlə ifadə edib: “Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsinin böyük bir hissəsində bilavasitə iştirak etmişəm və 1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”. Qeyd olunan dövrdə yeni elektrik stansiyalarının tikintisi ilə yanaşı, elektrik şəbəkələri də inkişaf etdirilərək dayanıqlı enerji sisteminin yaradılmasına nail olunub. Müstəqilliyimizin bərpasından sonra isə bütün sahələrdə olduğu kimi, energetika sektorunun inkişafında da yeni mərhələ başladı. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə gənc, müstəqil respublikamızın energetika sistemində köklü dəyişikliklərin həyata keçirilməsi üçün qısa müddət ərzində enerji təhlükəsizliyi konsepsiyası işlənib hazırlandı. Bu gün ölkəmizdə mövcud müasir energetika sistemi Ümummilli Liderin formalaşdırdığı möhkəm zəmin üzərində sürətlə inkişaf edir. Bu mütərəqqi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müvafiq sektorun yeni dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi xətti davam edir.

Ölkə iqtisadiyyatının inkişaf tempini və günümüzün reallıqlarını nəzərə alan dövlət başçısı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları imzalamaqla energetika sektorunun müasir inkişaf mərhələsində yeni dövrü başlatmış oldu. Bu sərəncamlardan irəli gələn tədbirlərin həyata keçirilməsi nəticəsində mühüm nəticələr əldə edildi: MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz-turbin tipli “Şimal” ES-in istifadəyə verilməsi, müxtəlif bölgələrdə ümumi gücü 850 MVt olan modul tipli elektrik stansiyalarının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması və digər addımlar müvafiq istiqamətdə dinamik yüksəlişə cığır açmaqla sənaye mərkəzinin enerji təchizatında mövcud disproporsiyanı nəzərə çarpacaq dərəcədə aradan qaldırdı.

Bütün dünyada enerji istehsalı və ötürülməsi yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda ölkəmizdə energetika sisteminin mövcud potensialının səmərəliliyinin artırılması, enerji təsərrüfatının yenidən qurulması istiqamətində mühüm işlər görülür. İstehlakçıların daha keyfiyyətli və müasir standartlara cavab verən energetika sistemindən yararlanması daim gündəmdədir. Bunun üçün davamlı olaraq yeni stansiyaların inşası, mövcud olanların yenidən qurulması, peşəkar kadrların formalaşması və müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi həyata keçirilir.

Uğurla reallaşdırılan tədbirlər nəticəsində ölkəmizdə energetika sahəsində müşahidə olunan ciddi irəliləyişləri bu cür qruplaşdırmaq olar: enerjinin ötürülməsi sistemində və paylayıcı şəbəkələrdə yenilənmənin həyata keçirilməsi; yüksək gərginlikli elektrik şəbəkələrinin inkişaf etdirilməsi; etibarlı energetika bazasının yaradılması; enerji sisteminin dispetçer idarəetməsi kompleksinin modernləşməsi; paytaxt və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması; yeni texnologiyaların tətbiqi yolu ilə şəbəkələrin modernləşdirilməsi; xidmət personalının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə ciddi kadr islahatlarının həyata keçirilməsi; uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi və digər tədbirlər.

Ölkəmizdə elektrik enerjisi sisteminin dayanıqlılığını və təhlükəsizliyini daha da möhkəmləndirmək, əhalinin davamlı olaraq keyfiyyətli enerji ilə təmin olunmasını uğurla həyata keçirmək üçün bugünədək görülmüş işlərlə yanaşı yaxın gələcəkdə bir sıra əlavə tədbirlərin reallaşdırılması nəzərdə tutulur. Bu sırada respublikamızın ərazisində paylayıcı elektrik şəbəkələrinin istismarının 2015-ci ildən etibarən həvalə olunduğu yeni yaradılmış “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərini xüsusi qeyd etmək lazımdır. Mövzu ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin paylaşdığı məlumatlar ölkəmizin energetika sisteminin təkmilləşdirilməsində daha mütərəqqi tədbirlərin həyata keçiriləcəyindən xəbər verir.

T.Mustafayev xüsusilə “Azərişıq” ASC-nin Paylayıcı Elektrik Şəbəkələrinin yenidən qurulmasına dair hazırlanmış, 2016-2025-ci illəri əhatə edən master-plan haqqında məlumat verərək bildirib: “Planda ölkəmizdə mövcud energetika potensialının zənginləşdirilməsi üçün görüləcək işlər ətraflı və dəqiq qeyd olunub. Master-planda paylayıcı elektrik şəbəkələrində perspektiv və mövcud yükləri nəzərə almaqla bir sıra yarımstansiyaların yenidən qurulması və inşası, elektrik verilişi xətlərinin, transformator təmiri sexlərinin və inzibati binaların tikintisi, SCADA sisteminin eləcə də, İKT-nin tətbiqi və maşın mexanizmlərinin alınması öz əksini tapıb”.

ASC-nin mətbuat xidmətinin rəhbəri diqqətə çatdırıb ki, dinamik iqtisadi inkişaf ölkə daxilində elektrik enerjisi istehsalının növbəti 10 ildə illik 3 faiz ətrafında artacağı gözləntilərini yaradır. Nəzərə alsaq ki, paylayıcı elektrik şəbəkələri elektroenergetika sisteminin əsas hissələrindən biri olmaqla sistemin effektiv iş rejiminə və texniki-iqtisadi göstəricilərinə böyük təsir göstərir, bu zaman mövcud sektordan investisiya qoyuluşlarının tez bir zamanda paylanma sektoruna yönəldilməsi zəruridir. Paylayıcı şəbəkələrin yenilənməsi və gücləndirilməsi prioritet kimi qəbul edilərsə elektrik enerjisi itkilərinin azaldılması nəticəsində mühüm iqtisadi faydalar əldə oluna bilər. Master-planda nəzərdə tutulmuş proqram regionlarda elektrik təchizatının etibarlılığını artıracaq, paylama sistemində mövcud olan elektrik enerjisi itkilərini azaldacaq, istehlakçılara göstərilən xidmətlərin səmərəliliyi və keyfiyyətini artıracaq, regional paylama şirkətlərinin əməliyyat və maliyyə perfomansını təkmilləşdirəcək, paylama subsektorunda korporativ islahatları və kadr potensialının gücləndirilməsini dəstəkləyəcək.

Aparılan təhlillər göstərir ki, Bakının və şəhərətrafı ərazilərin inkişaf sürəti və istehlakçıların elektrik enerjisinə olan tələbatının artım dinamikası şəbəkənin texniki imkanlarından daha yüksəkdir. Şəbəkənin aktivlərinin uzun müddət ərzində istismarda olması, onlarının fiziki və mənəvi cəhətdən aşınma səviyyəsinin yüksəkliyi, xüsusilə son illərdə paytaxtda şəhərsalmanın böyük vüsət alması nəticəsində güc artımının yüksək həddə çatması bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Bakı şəhərinin elektrik enerjisinə olan tələbatının dayanıqlı olmasını təmin etmək və paytaxtın Mingəçevir ES-dən asılılığını minimuma endirmək üçün 4000-5000 generasiya gücünə ehtiyac proqnozlaşdırılır. Yaxın perspektivdə iri sənaye müəssisələrinin, xüsusi layihələr üzrə inşa edilən yaşayış komplekslərinin, “Qolf Kompleksi”nin, “Ağ Şəhər”, “Aypara” layihələri üzrə aparılan tikintilərin, Bakı metropoliteninin inkişafı ilə bağlı 2030-cu ilə qədər metro stansiyalarının sayının 23-dən 70-ə çatdırılması, paytaxtın su və kanalizasiya sisteminin yenidən qurulması üçün yeni yarımstansiyaların tikintisi işləri həyata keçirilməlidir.

Ümumilikdə master-planın həyata keçirilməsi ilə aşağıdakı nəticələri əldə etmək olar: respublika ərazisində mövcud paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması; rayonların sosial-iqtisadi inkişafı ilə bağlı 110 və 35 kV-luq yarımstansiyaların tikintisi; bu cür yarımstansiyalar tədqiq olunan ərazilərdə elektrik enerjisinə olan tələbatın ödənilməsini və perspektivdə yaranacaq elektrik yüklərini tam ödəyəcək; yeni yarımstansiyalar ərazilərdəki yüklərin simmetrik paylanmasına və şəbəkənin qoyulmuş qaydalar üzrə idarə olunmasına şərait yaradacaq; müasir texnologiyaların tətbiqi, aşağı gərginlikli şəbəkələrin yenilənməsi, “smart” tipli sayğaclarının quraşdırılması elektrik enerjisinə görə ümumi yığım səviyyəsinin qaldırılması və elektrik enerjisi itkilərinin azaldılması ilə nəticələnməklə iqtisadi səmərəliliyə imkan yaradacaq; investisiya qoyuluşunun geri qaytarılması elektrik enerjisinin minimuma endirilməsi ilə tez bir zamanda öz effektivliyini göstərməklə müəssisənin daha da rentabelli olmasına səbəb olacaq.

Bütün qeyd olunan məqamları nəzərə alsaq əminliklə deyə bilərik ki, görülmüş işlər və yaxın gələcəkdə həyata keçirilməsi gözlənilən layihələr ölkəmizdə elektrik enerjisi sisteminin dinamik tərəqqisinə yol açacaq və respublikamız yaxın zamanlarda regionda elektrik enerjisinin tranziti, daha sonra isə ixracı üzrə mühüm ölkəyə çevriləcəkdir.

Maqsud Dadaşov

AZƏRTAC-ın müxbiri

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.