İQTİSADİYYAT
İstehsalçıların vergi yükünün optimallaşdırılması ixracı stimullaşdırırır
Bakı, 28 aprel, Ramiz Quliyev, AZƏRTAC
Vergi yükünün optimallaşdırılması və sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və qarşıda duran əsas hədəflərdən biridir. Bu məqsədlə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib, müxtəlif vergi güzəştləri tətbiq olunub. Güzəştlər əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına, sənaye, yaxud texnologiyalar parklarının rezidentlərinə və investisiya təşviqi sənədini almış hüquqi şəxslərə, həmçinin fərdi sahibkarlara tətbiq edilir.
AZƏRTAC-a müsahibəsində bu barədə danışan Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, qeyri-neft ixracatçılarının respublika müşavirəsində sahibkarlığın inkişafına dövlət dəstəyində mühüm amil olan vergi güzəştlərinin tətbiqinə toxunub. Prezident İlham Əliyev ölkədə qeyri- neft sektoru sahəsində sahibkarlığın inkişafı ilə bağlı 2009 və 2014-cü illərdə regional inkişaf proqramlarının qəbul olduğunu və zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Departament rəhbərinin sözlərinə görə, ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 2016-cı ilin yanvarın 1-dən investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi qaydaya uyğun olaraq, verilən investisiya təşviqi sənədi əsasında əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən 7 il müddətinə əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən azaddır. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən çəkilən xərclərin optimallaşdırılması məqsədilə toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin idxalı və satışı da ƏDV-dən azad edilib. Həmçinin sənayedə istehsalın təşviqi məqsədilə sənaye, yaxud texnologiyalar parkının rezidenti olan şəxslər 7 il müddətinə gəlir (mənfəət), əmlak və torpaq vergisindən, eləcə də İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında idxal edilən texnikaya, texnoloji avadanlıqlara və qurğulara görə ƏDV-dən azad olunublar.
“Bununla yanaşı, 2016-2020-ci illərdə istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi məqsədilə Azərbaycan Prezidentinin “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 mart tarixli Fərmanında qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına faktiki ixrac olunmuş malın gömrük dəyərinin 3 faizi həcmində ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, malların ixracından ƏDV sıfır dərəcəsi ilə tutulur. Bu da o deməkdir ki, ixracda həmin mallardan ƏDV tutulmamaqla yanaşı, ixrac olunan həmin malların istehsalı ilə bağlı digər şəxslərə ödənilmiş ƏDV dövlət tərəfindən həmin malların ixracatçılarına qaytarılır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik aktlarında istehsal fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə vergi güzəştləri və bu sahəyə investisiyaların təşviqi ilə bağlı çoxsaylı müddəalar var”, - deyə S.Musayeva qeyd edib.
Müsahibimiz diqqətə çatdırıb ki, Vergilər Nazirliyi milli iqtisadiyyat perspektivi üzrə, respublikada kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair və Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritələrində müvafiq olaraq “Səmərəli vergi sisteminin təşviq edilməsi”, “Kənd təsərrüfatı məhsullarının daxili bazardakı ticarəti üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi”, “Yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması və “Kiçik və orta sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi” strateji hədəfləri üzrə əsas icraçı olaraq müəyyən edilib.
Müvafiq strateji yol xəritələri üzrə müəyyən olunmuş hədəflərə çatmaq istiqamətində hazırlanmış iş planına uyğun olaraq, işçi qrupları yaradılıb və zəruri tədbirlər görülür.