İQTİSADİYYAT
“İstək” liseyində şagirdlərə sığorta təlimləri keçirilib
Bakı, 22 may, AZƏRTAC
“Sığortalı gənclik” layihəsi çərçivəsində “İstək” liseyinin şagirdlərinə sığorta təlimləri keçirilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a bildiriblər ki, ASA və “Buta Sığorta”nın tərəfdaşlığı ilə keçirilən təqdimatda liseyin 200-dək şagirdi iştirak edib.
Təlim zamanı ASA və “Buta Sığorta”nın nümayəndələri iştirakçılara layihənin məqsədi və sığorta ilə bağlı maariflənmənin əhəmiyyəti barədə danışıblar.
Bildirilib ki, müasir iqtisadi inkişaf şəraitində sığorta ilə bağlı maliyyə savadlılığının genişləndirilməsi şagirdlərin bir vətəndaş kimi formalaşmasında xüsusi rol oynayır. Əldə edilən biliklər əsasında şagirdlər arasında test imtahanları təşkil olunacaq. İmtahanlarda uğur əldə edən şagirdlər isə mayın 28-də keçiriləcək final mərhələsində biliklərini komanda şəklində sınayacaqlar. Finalda qalib gələn komandalara ASA tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.