REGİONLAR
İstifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il yanvarın 27-də keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tapşırıqların icrasına uyğun olaraq kənd təsərrüfatına yararlı torpaq sahələrinin istifadə vəziyyəti təhlil olunub, bu torpaqlardan istifadənin səmərəliliyinin artırılması, torpaqların istifadəsiz saxlanıldığına görə məsuliyyətin daha da gücləndirilməsi məqsədilə nazirlik tərəfindən müvafiq təkliflər hazırlanıb.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri nəzərdə tutan həmin təkliflər Nazirlər Kabinetinə təqdim edilib.