CƏMİYYƏT


İstifadəyə yararsız bir tona yaxın at ətini satmaq istəyən şəxslər saxlanılıblar VİDEO

Bakı, 23 may, AZƏRTAC 

Daxili işlər orqanları tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Səddam Muradov və qohumu Kənan Göylərov çəkisi bir tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində müvafiq dövlət qurumlarının nəzarətindən kənar at ətinin tədarükü ilə məşğul olduqlarını, Balakən, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə və ölü atları kəsərək həmin ətləri mal əti adı altında satmaq istədiklərini bildiriblər.

Kəsilmiş at cəmdəklərindən götürülən nümunələri laboratoriyaya müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyənləşdirilib ki, aşkarlanan ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.