MƏDƏNİYYƏT
İstiqlal Muzeyində görkəmli Azərbaycan generalı Əliağa Şıxlinskinin xatirəsi anılıb
Bakı, 21 aprel, Z. Mansurova, F.Şükürova, AZƏRTAC
Aprelin 21-də İstiqlal Muzeyinin ekspozisiyasında “Generalın yolu” adlı tədbir-sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş olunub.
Tədbir iştirakçıları əvvəlcə generalın nəvəsi, rejissor Ziya Şıxlinskinin generala həsr etdiyi sənədli filmə baxıblar.
Muzeyin direktoru Fəridə Şəmsi tədbirin Prezident İlham Əliyevin 20 noyabr 2014-cü il tarixli “General Əliağa Şixlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini bildirib.
F.Şəmsi generalın şərəfli həyat və döyüş yolundan söz açıb.
Bildirilib ki, Əliağa Şixlinskiyə 1905-ci ildə Port-Artur döyüşlərində podpolkovnik rütbəsi, 1908-ci ildə isə polkovnik rütbəsi verilib. Onun “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri, “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi-elmi ixtiraları topçu-zabitlər üçün hazırladığı dərsliklər ona zabit kimi şöhrət qazandırıb. Birinci Dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi general Şıxlinskiyə tapşırılıb. 1917-ci ilin sentyabrından o, 10-cu ordunun komandanı təyin olunub və təsadüfi deyil ki, qürurla onu “Rus artilleriyasının Allahı” adlandırıblar.
Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən Əliağa Şixlinski müdafiə nazirinin müavini təyin edilib. Sonrakı dövrlərdə də hərbi andına sadiq qalan general ölkənin silahlı qüvvələrinin formalaşmasına böyük töhfələr verib.
Tədbirdə heykəltəraş, xalq rəssamı Xanlar Əhmədov general haqqında danışıb və Əlağa Şıxlinskinin büstünü muzeyə təqdim edib.
Tədbirdə Ə.Şıxlinskinin ailə üzvləri, Sərhəd Qoşunlarının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.