ELM VƏ TƏHSİL


İstiqlal şairi Əhməd Cavadın 125 illik yubileyi qeyd olunub

Bakı, 15 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın direktoru Leyla İmanova istiqlal şairi Ə.Cavadın həyat və yaradıcılığından bəhs edib. L.İmanova MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi barədə danışaraq onun Azərbaycan tarixi və mədəniyyətinin təbliği üçün çox əhəmiyyətli baza olduğunu vurğulayıb. O, MRY-da Azərbaycan üçün milli dəyərə malik zəngin materialların, o cümlədən Əhməd Cavadın qələminə aid və haqqında yazılmış mənbələrin toplanıldığını, rəqəmsallaşdırıldığını, beynəlxalq mübadiləyə hazır elektron kataloqa daxil edildiyini bildirib.

Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Milli istiqlal şairi Əhməd Cavad: həyatı, mühiti, ədəbi estetik və sosial-siyasi görüşləri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Ə.Cavad fəaliyyəti ilə dövlətçiliyimizin, ədəbiyyatımızın tarixi yaddaşına əbədi yazılıb.

“Cavid ömrü” filmində Ə.Cavad obrazının yaratmış Xalq Artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi İdarəsinin şöbə müdiri Aslan Qasımlı, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki səfiri Ufuk Turganer, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda Ə.Cavad haqqında arxiv sənədlərində olan məlumatlardan, şair haqqında yazılan nəşrlərdən, türk millətinə edilən repressiyalardan danışılıb.

Şairin nəticəsi Cavad Axundzadə tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.