CƏMİYYƏT


İstirahət mərkəzlərində istehlakçı hüquqlarınızın pozulmasına yol verməyin

Bakı, 25 iyul, AZƏRTAC

Yay mövsümünün başlanması ilə əlaqədar əhalinin istirahət mərkəzlərinə kütləvi axını bir sıra mallara və xidmətlərə olan tələbatın xeyli artmasına səbəb olub. Xidmət göstərilməsi zamanı bəzi hallarda icraçıların öz öhdəliklərinə əməl etməməsi, qüsur və ya saxtalaşdırmaya, o cümlədən sui-istifadə hallarına yol verməsi istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Aparılan müşahidələr göstərir ki, bəzi təsərrüfat subyektləri göstərilən xidmətlərin qiymətləri barədə məlumat verməmək, aldadıcı reklamlardan istifadə etmək və s. kimi qanun pozuntularına yol verməklə hələ də istehlakçıların hüquqlarını pozur. Bütün bunlar isə istehlakçıların haqlı narazılığına səbəb olur.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində istehlakçıların almaq istədikləri malları və xidmətləri, onların istehsalçısını, satıcısını, icraçısını sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər əldə etmək, mallar və xidmətlər barədə dolğun və düzgün məlumat almaq və s. hüquqları var.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunanları nəzərə alaraq istirahət mərkəzlərində xidmətlərin göstərilməsi zamanı sahibkarlıq subyektləri zəruri tələblərə əməl etməlidirlər. Belə ki, hər bir obyekt sahibi təşkilatının adı, yerləşdiyi ünvanı, iş rejimi, təklif olunan xidmətlər barədə zəruri informasiyanı istehlakçılara çatdırmağa, göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə ona xidmətlərin siyahısı və icra şərtləri, xidmətlərin qiymətləri və ödəniş şərtləri barədə məlumat verməyə borcludur. Gecələmə yerlərinin tipi (növü), dərəcəsi (kateqoriyası) və s. barədə də istehlakçılara əvvəlcədən məlumat verilməlidir.

Eyni zamanda, obyekt sahibi istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etməməli, hər hansı bir mal və xidmətin satışını digər mal və xidmətin alınması ilə şərtləndirməməli, hesablaşmalar zamanı istehlakçıya ödənişi təsdiq edən (nəzarət-kassa aparatının çeki, qaimə, qəbz) sənədlər verməli, malların və xidmətlərin dəyərini manatla göstərməli, malların və xidmətlərin dəyərinin POS-terminallar vasitəsilə ödənilməsinə şərait yaratmalıdır.

Qeyd edilənlərlə yanaşı, bu tip obyektlərdə ictimai iaşə xidmətlərinin göstərilməsi zamanı da bir sıra tələblərə əməl edilməlidir. Belə ki, göstərilən xidmətlər barədə dolğun və düzgün məlumat verilməsinin təmin edilməsi üçün xidmət göstərilməsinə başlanılmazdan əvvəl istehlakçılara menyu təqdim edilməlidir. Menyuda hər bir xörəyin tərkibi (əsas inqrediyentlər və çəkisi göstərilməklə), miqdarı və qiyməti göstərilməlidir.

İstehlakçı ona təklif olunan iaşə məhsullarının əsas istehlak xassələri, keyfiyyəti, həmçinin xörəklərin hazırlanma texnologiyası barədə əlavə məlumatlar almaq istədikdə, ona bu məlumatların verilməsi təmin edilməlidir. Hesablaşmalar zamanı istehlakçıya nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesab təqdim olunmalıdır.

Eyni zamanda, xidmətlərin göstərilməsi şərtlərinin və keyfiyyətinin istehlakçıların maraqları ilə uzlaşdırılması, habelə daha çox istehlakçının cəlb edilməsi məqsədilə göstərilən xidmətlərin dəyərinin real bazar qiymətlərinə uyğun və ya daha ucuz təklif olunması, obyektə Wi-Fi (genişzolaqlı kabelsiz internet) xidmətinin təşkil edilməsi tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.