DÜNYA
İsveç BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
Stokholm, 29 iyun, AZƏRTAC
İsveç Efiopiya və Boliviya ilə yanaşı 2017-2018-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Bu barədə İsveç KİV-ləri çərşənbə axşamı Nyu-Yorkda BMT-nin qərargahında Baş Məclisin sessiyası çərçivəsində səsvermənin birinci dövrəsinin nəticələrinə istinadla məlumat yayıb.
Cari ildə Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlərin yeri bir neçə regional qrup – Afrika, Asiya-Sakit okean regionu, Latın Amerikası, Qərbi Avropa ölkələri arasından müəyyən edilib. Şərqi Avropa regionunu Təhlükəsizlik Şurasında Ukrayna təmsil edir. Onun üzvlüyü 2017-ci ilin sonunadək davam edəcək.
Səsvermədə qalib gəlmək üçün səslərin üçdə ikisini – Baş Məclis üzvlərinin 193 səsindən 129-nu qazanmaq lazım idi. İsveç 134 səs toplayıb və bununla da növbəti iki ildə Qərbi Avropa dövlətlərinə ayrılan iki yerdən birinə sahib olub.
İsveç, Efiopiya və Boliviyadan başqa, Təhlükəsizlik Şurasında təmsil olunacaq digər iki dövlət səsvermənin ikinci dövrəsində müəyyən ediləcək.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 dövlətdən, o cümlədən 5 daimi və iki il müddətinə seçilən 10 qeyri-daimi üzvdən ibarətdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm