DÜNYA


İsveç BMT-nin kvotasına uyğun olaraq daha çox qaçqın qəbul etməyə razılıq verib

A+ A

Stokholm, 21 sentyabr, AZƏRTAC

İsveç hökuməti BMT-nin kvotasına uyğun olaraq ölkə ərazisində qaçqınların sayının artırılmasını planlaşdırdığını bildirib.

Yerli KİV-lərdə bu xəbər ölkənin gələn il üçün yeni büdcə məlumatlarına istinadla yayılıb. Krallığın hakimiyyət orqanları yeni planlarını həyata keçirmək üçün, o cümlədən, beynəlxalq əməkdaşlıq proqramlarına ayrılan vəsaitdən qismən istifadə etmək niyyətindədirlər. Həmin planlara görə, bu ölkədəki qaçqınların sayını indiki 1900 nəfərdən 2017-ci ildə 3400 nəfərə və 2018-ci ildə 5000 nəfərə çatdırmaq nəzərdə tutulur. Digər tərəfdən, İsveç hökuməti BMT-nin kvotasından kənar yollarla bu ölkəyə gəlmiş məcburi miqrantlar axınının azalması ilə əlaqədar onun sərəncamında qalan əlavə vəsaitləri beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində görülən işlərə yönəltmək niyyətindədir.

İsveç miqrasiya xidmətinin məlumatına görə, son beş ildə bu ölkə hər il BMT-nin kvotası üzrə 1900 qaçqın qəbul edib. İsveç daha çox qaçqın qəbul etməklə BMT-nin Qaçqınlar məsələləri üzrə Agentliyinin ən iri donorlarından birinə çevriləcək.

Qeyd edək ki, BMT xətti ilə paylanan qaçqınlar İsveçlə yanaşı daha 26 ölkənin ərazisində yerləşdirilir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.