DÜNYA
İsveç Nepalda zərər çəkənlərə maddi və texniki yardım göstərəcək
Stokholm, 28 aprel, AZƏRTAC
İsveç hökuməti Nepalda dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına 13 milyon kron (1,5 milyon dollar) yardım göndərməyi qərara alıb. Regiona zəruri avadanlıqla birlikdə 70 xilasedicidən ibarət qrup da göndəriləcək.
İsveç xarici siyasət idarəsinin xüsusi bəyanatında belə deyilir.
Yardım qrupuna xüsusi avadanlıqla təchiz edilmiş xilasedicilər və 12 axtarış iti daxil olacaq. Maddi vəsait axtarış tədbirlərinə və xilasetmə əməliyyatlarına ayrılır. Zəlzələ rayonunda ekspertlər də işləyəcək və humanitar yardımın paylanmasında BMT-dən olan həmkarlarına kömək edəcəklər.
İsveçin yardım işləri üzrə naziri İsabella Lövin deyib: “Biz Nepaldakı vəziyyəti diqqətlə izləyirik və lazım gələrsə, xilasetmə və bərpa işlərinə əlavə yardım göstərməyə hazırıq”.
Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda Rixter cədvəli ilə 7,9 bal gücündə zəlzələ baş verib. Güclü yeraltı təkanlar nəticəsində ölkəyə böyük ziyan dəyib. Nepal polisinin rəsmi bəyanatına görə, zəlzələ nəticəsində 3,6 min insan həlak olub, 6,5 mindən çox insan zərər çəkib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm