DÜNYA
İsveç XİN rəhbəri BMT-də ali səviyyədə təcili görüş təklif edib
Stokholm, 28 avqust, AZƏRTAC
İsveçin xarici işlər naziri Marqot Valström BMT-də ali səviyyədə təcili görüş təşkil edilməsi çağırışı ilə çıxış edib.
Bu xəbər İsveç KİV-lərində yayılıb. Görüşün məqsədi özünü “İslam Dövləti” adlandıran terror təşkilatı tərəfindən insanlığa qarşı törədilən cinayətlərlə mübarizədə beynəlxalq birliyin təxirəsalınmaz fəaliyyət planını işləyib hazırlamaqdır.
Nazir İsveçin “Svenska Dagbladet” qəzetinə verdiyi müsahibədə deyib ki, bu məsələ dünya birliyinin gündəliyində prioritet məsələ olmalıdır. İsveçin xarici siyasət idarəsi rəhbərinin fikrincə, “müasir dünyada seksual zorakılıq, köləlik, terrorizm, qadın və qız alveri kimi hallara yol verilməməlidir”.
Marqot Valström xüsusi vurğulayıb ki, o, belə hallara həmişə xüsusi fəallıqla reaksiya bildirib və bundan sonra da belə etmək niyyətindədir.
Bu qlobal problemin həllində İsveçin rolu ilk növbədə beynəlxalq birliyi səfərbər etməkdən ibarətdir. Məhz bu səbəbdən, Marqot Valström “İslam Dövləti”nə qarşı beynəlxalq səviyyədə mübarizəyə başçılıq etməyi qərara alıb.
İsveçin xarici işlər naziri Marqot Valström deyir: “Mən BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə əlaqədar təcili iclasının çağırılmasını tələb etmək niyyətindəyəm”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm