CƏMİYYƏT
İsveç alimləri 3D-printerlə insanın qığırdaq toxumasını çap ediblər
Stokholm, 30 mart, AZƏRTAC
İsveçin Calmers Texniki Universitetinin bir qrup alimi uzun sürən tədqiqatlardan sonra 3D-printerlə insanın qığırdaq toxumasını süni şəkildə yarada biliblər.
Alimlər eksperiment aparmaq üçün məxsusi olaraq tərkibində nanosellüloz və donordan götürülmüş qığırdaq toxumasının hüceyrələri olan yeni hidrogel hazırlayıblar. Sonra mütəxəssislər hidrogeldən 3D-printerlə implantatlar çap edərək, onları sınaq üçün istifadə olunan siçanlara köçürüblər.
Bir müddət sonra tədqiqatçılar bildiriblər ki, köçürülmüş toxumanın yerində qan damarları şəbəkəsi inkişaf etməyə başlayıb, səfhələr isə gəmiricilərin orqanizmindən qopub ayrılmayıb.
Alimlərin fikrincə, belə implantatlar gələcəkdə insana da aşılana bilər.
Tədqiqat qrupunun rəhbəri, professor Pol Hateholm bildirib: “Pasiyentin qulaq seyvanı hüceyrəsinin nümunəsini götürüb, onu onurğa beynindəki kök hüceyrələri uyğunlaşdıra bilsək, biz hətta yeni qulaq düzəldə bilərik”.
Mütəxəssislərin fikrincə, bu texnologiyaların inkişafı yaxın gələcəkdə tibb sahəsində əsl çevriliş edə bilər və orqan köçürülməsinə ehtiyacı olan insanların münasib donoru uzun müddət gözləməsinə ehtiyac qalmaz.
Tədqiqatın nəticələri “Plastic and Reconstructive Surgery Global Open” jurnalında dərc olunub.
AZƏRTAC-ın xüsusi müxbiri
Rauf Əliyev
Stokholm