CƏMİYYƏT
İsveç alimlərinin yeni texnologiyası mədəaltı vəzi xərçəngini erkən mərhələdə üzə çıxarmağa imkan verir
Stokholm, 6 oktyabr, AZƏRTAC
İsveç alimlərinin yeni metodu mədəaltı vəzi xərçəngini erkən mərhələdə diaqnozlaşdırmağa kömək edir.
İsveçin Lunda Ali Texniki Məktəbinin alimləri mədəaltı vəzi xərçəngini qan analizi yolu ilə aşkar etməyə imkan verən sadə test hazırlayıblar.
Alimlər erkən diaqnoz şansını yüksəldən, bununla da mədəaltı vəzi xərçənginə tutulan xəstələrin salamat qalması imkanını 2 faizdən 70 faizədək artıran şiş markerləri aşkar ediblər.
Alimlərin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ən sürətlə inkişaf edən xərçəng formasıdır. Xəstəlik üzə çıxandan sonra orta hesabla pasiyentlərin iki faizdən azı 5 ildən çox yaşayır. Yüksək ölüm faizinin əsas səbəbi budur ki, mədəaltı vəzi xərçəngini erkən mərhələdə aşkar etmək çox çətindir.
Mütəxəssislər bildirirlər ki, alimlər bu sahədə elə sanballı uğur qazanıblar ki, hazır test artıq iki ildən sonra klinikalara göndərilə bilər. Yeni diaqnostika texnologiyası yalnız mədəaltı vəzi xərçənginə tutulan xəstələrə yararlı deyil, həm də prostat vəzi şişi olan pasiyentlərin risk qrupunu, habelə süd vəzisi xərçənginin təkrar inkişafını aşkara çıxarmağa kömək edir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm