DÜNYA
İsveç hökuməti miqrantların qəbulu qaydalarını sərtləşdirməyi planlaşdırır
Stokholm, 25 noyabr, AZƏRTAC
İsveç hökuməti bu ölkəyə gələn qaçqınlara sığınacaq verilməsi haqda qanunvericiliyə müvəqqəti dəyişikliklər olunmasını təklif edir. Məqsəd – həmin qaçqınları onlar başqa ölkələrin ərazisində olduğu halda, bu barədə xahişlə müraciət etməyə məcbur etməkdir.
İsveçin baş naziri Stefan Löven bu barədə xüsusi mətbuat konfransında məlumat verib.
Hökumət başçısı qeyd edib ki, Nazirlər Kabineti digər tədbirlərlə yanaşı, kvota həddində bu ölkəyə gələn qaçqınlardan başqa bütün miqrantlar üçün müvəqqəti pasport tətbiq etmək niyyətindədir. Bu barədə qanun layihəsi təqdim edilənə qədər sığınacaq verilməsi barədə ərizə ilə müraciət etmiş uşaqlar və uşaqlı ailələr üçün istisna mümkündür.
İsveç hökuməti qaçqınların öz ailələri ilə birləşməsi qaydalarını da sərtləşdirəcək və bu ölkəyə valideynlərinin müşayiəti olmadan gəlmiş və 18 yaşı tamam olmadığını bildirən yeniyetmə miqrantların həqiqi yaşını təyin etmək üçün tibbi testlər də tətbiq edəcək. Köçkünləri İsveçə çatdıran bütün nəqliyyat vasitələrində sənədlər yoxlanacaq.
Stefan Löven deyib: “Son iki ayda İsveç 80 min miqrant qəbul edib. İsveç balaca ölkə olsa da, böyük işlər görür. Mən çox təəssüflənirəm ki, bu gün İsveç bu qədər qaçqını qəbul edə bilmir. İndi həmin qaçqınların çoxu başqa ölkələrdə sığınacaq istəməli olacaq”.
Qeyd edək ki, bu il İsveçə 150 minə yaxın qaçqın gəlib. İsveç Miqrasiya İdarəsinin oktyabrın 22-də dərc edilmiş proqnozuna görə, 9,8 milyon əhalisi olan bu ölkə 2015-2016-cı illərdə 360 minə qədər miqrant qəbul edə bilər. Bu, Avropa İttifaqı məkanında əhalinin hər nəfərin düşən miqrantların sayının ən yüksək göstəricisidir.
Rauf Əliyev
AZƏRTAC—ın xüsusi müxbiri
Stokholm