DÜNYA
İsveç hökuməti qaçqınların qəbulu üçün planlaşdırdığı məbləğdən ikiqat çox xərcləməyə məcbur olacaq
Stokholm, 3 oktyabr, AZƏRTAC
İsveç hökuməti qaçqınların qəbulu üçün planlaşdırdığı məbləğdən ikiqat çox xərcləməyə məcbur olacaq. Bu məlumatı İsveç KİV-ləri aıqlayıb.
İsveçin dövlət büdcəsində cari ildə qaçqınların qəbulu ilə bağlı xərclərə 17,4 milyard kron (2,04 milyard dollar) ayrılıb. Lakin ekspertlərin fikrincə, xərclərin faktiki məbləği ayrılmış vəsaiti 15,8 milyard kron (1,88 milyard dollar), gələn il isə 20,7 milyard kron (2,46 milyard dollar) üstələyəcək.
İsveç jurnalistləri qeyd edirlər ki, bu ilin sonuna üç ay qalanda bəlli olub ki, İsveç hökumətinin krallığa gələcək qaçqınların sayı ilə bağlı proqnozları özünü doğrultmayıb. Təkcə sentyabr ayında miqrasiya xidmətinə 24 306 nəfərdən sığınacaq verilməsi barədə ərizə daxil olub.
Vəziyyət gündən-günə pisləşir – idarənin məlumatına görə, yalnız oktyabrın 2-də ölkəyə 1300 əcnəbi gəlib. İsveçdə cari ilin doqquz ayı ərzində qaçqınların sayı rekord həddə çataraq 73 min nəfər təşkil edib. Bu isə praktiki olaraq bütün il üşün verilən 74 min nəfər proqnozuna çox yaxın olub. Ölkənin yeni büdcəsi isə həmin proqnoza əsasən sentyabrın 21-də təqdim edilərək hesablanıb.
Bu isə o deməkdir ki, yaxın gələcəkdə İsveç hökuməti yaxınlaşan problemin həlli üçün əlavə maliyyə yardımı axtarmaq məcburiyyətində qalacaq.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm