DÜNYA
İsveç hökuməti sərhəd nəzarəti tədbirlərinin müddətini uzatmaq niyyətindədir
Stokholm, 19 oktyabr, AZƏRTAC
İsveç hökuməti krallığın cənub sərhədində tətbiq edilən sənədlərin yoxlanma işini davam etdirmək niyyətindədir.
Yerli KİV-lərin yaydığı məlumata görə, hökumət bu fəaliyyətini ictimai asayişə və krallığın daxili təhlükəsizliyinə ciddi təhlükələrin mövcud olması ilə izah edir. Sərhəd nəzarəti tədbirlərinin müddətinin uzadılması məqsədilə noyabrın 11-dən sonra Avropa Komissiyasına xüsusi hesabat göndəriləcək.
Daxili işlər naziri Anders İqeman öz hesabatında Avropa Komissiyasına məlumat verib ki, İsveç hökuməti sərhəd nəzarətinin tətbiqinə yenə də ehtiyac duyur. O vurğulayıb ki, Avropa İttifaqı (Aİ) müvafiq prosedurlara imkan yaratmalıdır, çünki ittifaq miqrasiya böhranının tənzimlənməsində “öz öhdəliklərini yerinə yetirmir”.
Xatırladaq ki, böyük qaçqın axını ilə əlaqədar keçən il İsveç hökuməti Danimarka ilə sərhədində müvəqqəti sərhəd nəzarəti tətbiq edib. Bu tədbir hökumətin vəziyyəti nəzarətə almaq istəyi ilə izah edilib, sərhəd yoxlanması tədbirlərinin müddəti isə bir neçə dəfə uzadılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm