DÜNYA


İsveç hökuməti terrorizmə qarşı mübarizəni gücləndirmək niyyətindədir

Stokholm, 8 iyun, AZƏRTAC

İsveç KİV-lərində yayılan məlumata görə, partiyalar arasında uzun-uzadı danışıqlardan sonra ölkə hökuməti yeni antiterror qanunu hazırlamağa nail olub.

Əldə edilmiş razılaşmaya görə, daxili işlər naziri Anders İqemanın başçılıq etdiyi Sosial-Demokrat Partiyası və müxalifət bloku yeni fəaliyyət planı hazırlayıb. Bu planın müəyyən bəndləri terror təhdidlərinin dəf olunmasında Krallığa kömək etməlidir.

Jurnalistlər qeyd edirlər ki, yeni qanunvericilik çərçivəsində polisə və təhlükəsizlik xidmətlərinə daha artıq səlahiyyət verilməsi nəzərdə tutulur. Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə şəhərlərdə əlavə təhlükəsizlik kameraları quraşdırılması, ictimai yerlərdə piyadaların müdafiəsi üçün maneələr yaradılması planlaşdırılır.

Yeni qanunvericiliyin qüvvəyə minməsi üçün o, İsveç parlamenti tərəfindən bəyənilməlidir.

Qeyd edək ki, İsveçdə hazırda qüvvədə olan Cinayət Məcəlləsində terror aktlarının təşkil olunmasında iştirak etməyə, terror təşkilatlarının maliyyələşdirilməsinə, habelə ekstremistləri dəstəkləmək məqsədi güdən digər əməllərə görə ciddi cəza tədbirləri nəzərdə tutulur.

Mövcud qanunun sərtləşdirilməsi barədə qərar bu il aprelin 7-də Stokholmda baş vermiş bir hadisədən sonra qəbul edilib. Həmin gün terrorçu “İslam dövləti” təşkilatına mənsub olan bir silahlı idarə etdiyi yük maşınını qəsdən adamların üstünə sürüb, nəticədə dörd nəfər həlak olub, təxminən on beş nəfər yaralanıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.