DÜNYA
İsveç hökumətində dəyişikliklər edilib
Stokholm, 26 may, AZƏRTAC
İsveç Sosial-Demokrat Partiyasından baş nazir seçilmiş Stefan Löven yeni hökumətin tərkibini təqdim edib. Yeni heyətə Yaşıllar Partiyasının və sosial-demokratların nümayəndələri daxil edilib.
İsveç KİV-lərinin verdiyi məlumata görə, hökumətdə dəyişikliklər ardıcıl qalmaqallar nəticəsində bir neçə nazirin istefaya göndərilməsi ilə bağlıdır.
Yeni hökumətə üç təzə nazir daxil edilib. Mənzil məsələləri ilə Yaşıllar Partiyasının nümayəndəsi Peter Eriksson məşğul olacaq, həmin partiyanı təmsil edən Karolina Skuq isə ətraf mühit məsələləri üzrə nazir vəzifəsinə təyin olunub.
Baş nazir elan edib ki, yeni hökumətdə strateji inkişaf məsələləri üzrə nazir vəzifəsi ləğv edilib, əvəzində XİN yanında ticarət və Aİ məsələləri üzrə nazir vəzifəsi təsis olunub. Bu vəzifəni Sosial-Demokrat Partiyasının nümayəndəsi Ann Lind tutacaq.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm