SİYASƏT
İsveç parlamentinin deputatları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar
Bakı, 2 mart, AZƏRTAC
İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand bu ölkənin parlamentinin deputatları, ziyalılar, KİV nümayəndələri ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə N.Hollenbrand Azərbaycan həqiqətləri haqqında məlumat verib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, zəbt edilmiş torpaqlarda etnik təmizləmə siyasəti aparması və 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması barədə faktları görüş iştirakçılarının diqqətinə çatdırıb.
N. Hollenbrand Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə başlayan Qarabağ müharibəsinin dəhşətləri və bu müharibənin ən qanlı hadisəsi, bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımından bəhs edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini bir gecədə yer üzündən silməsi, yüzlərlə insanı işgəncələrlə qətlə yetirməsi barədə danışan cəmiyyətin rəhbəri artıq dünyanın bir sıra ölkələrinin bu faciəni soyqırımı kimi tanıdığını vurğulayıb. O, İsveç parlamentini də Xocalı soyqırımını tanımağa çağırıb, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı narahatlığı diqqətə çatdırıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Görüş iştirakçıları ölkəmizin iqtisadi inkişafını, son illərdə Bakının bir sıra genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsini xüsusi vurğulayıblar.