DÜNYA
İsveç prokurorluğu Mosuldan krallığa xeyli hərbi cinayətkarın qayıdacağını gözləyir
Stokholm, 20 oktyabr, AZƏRTAC
İsveç prokurorluğu xaricdə cinayət törətməkdə şübhəli bilinən ölkə vətəndaşlarının yaxın vaxtlarda geri qayıdacağını gözləyir. Bu məlumatı İsveç radiosu prokurorluğa istinadla yayıb.
Dövlət ittihamçılarının bu gözləntisi koalisiya qüvvələrinin İraqın Mosul şəhərinə getdikcə daha çox yaxınlaşması ilə əlaqədardır. Krallıqdan kənarda hərbi cinayətlərə və insan haqlarının pozulmasına dair işləri araşdıran İsveç Baş Beynəlxalq Prokurorunun müavini Mari Lind Tompsen jurnalistlərə müsahibəsində deyib: “İraq və Suriyada baş verənləri nəzərə alaraq xeyli adamın qayıtmasını gözləyirik”.
Hər bir işin diqqətlə araşdırılmasının zəruriliyini vurğulayan İsveç Baş Beynəlxalq Prokurorunun müavini deyib: “Münaqişə zonasında olan adamlardan çoxu heç bir cinayət törətməyib. Buna görə də oradan qayıdan adamların hamısının cinayət törətməsini söyləmək olmaz. Əldə sübutlar olmalıdır”.
Qeyd edək ki, İsveç Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, krallıqdan 300-dən çox vətəndaş islamçıların tərəfində döyüşmək üçün Suriya və İraqa gedib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm